"Bakı Telefon Rabitəsi" MMC GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası tətbiq olunmaqla yeni şəbəkənin yaradılması üçün avadanlıq tədarükçüsünü seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir. Tenderdə iştirak haqqı 200 manatdır.
Tenderdə lazımi texniki və maliyyə imkanlarına malik olan şirkətlər iştirak edə bilər.
Tender təklifləri 5 avqust saat 17:00-dək qəbul olunur. Tender proseduru 6 avqust saat 15:00-da baş tutacaq.
GPON internet xidməti fiber optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir.
“Bakı Telefon Rabitəsi” MMC Bakı şəhəri ərazisində dövlət, hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici və hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə fasiləsiz, yüksək keyfiyyətli bütün növ telefon, videotelefon, internet, DATA, NGN xidmətləri, İP-TV, yüksək keyfiyyətli multimediya, CDMA və radio səsgücləndirici xidmətləri göstərir.*
N.Abbasova