OPEC 2020-ci ildə Azərbaycanda gündəlik neft hasilatını 0,79 mln. barrel həcmində proqnozlaşdırır. Bu barədə kartelin aylıq hesabatında deyilir.
“2019-cu ildə Azərbaycanda neft hasilatının orta sutkalıq həcmi 0,8 mln. barrel səviyyəsində proqnozlaşdırılır. 2020-ci ildə gündəlik hasilatın 0,79 mln. barrelədək azalacağı gözlənilir”, - deyə məlumatda qeyd olunur.
Daha əvvəl Azərbaycanın Energetika Nazirliyi bildirmişdi ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda orta sutkalıq hasilat 771 min barrel təşkil edib.
2018-ci ildə respublikada gündəlik neft hasilatı 792,6 min barrel həcmində olub.
Xəbər verildiyi kimi, 2018-ci il dekabrın 7-də əldə olunmuş OPEC+ razılaşmasına əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaltmaqla bağlı öhdəlik götürüb. Bu razılaşma 2019-cu ilin iyun ayının sonunadək qüvvədədir. İyul ayında Vyanada keçirilən görüşdə OPEC ölkələri sövdələşmənin müddətinin 9 ay – 2020-ci ilin mart ayının sonunadək uzadılmasına dair qərar qəbul edib.
Azərbaycan gündəlik neft hasilatını 20 min barrel - 776 min barrelədək azaltmaqla bağlı öhdəlik götürüb.*
N.Abbasova