2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Azərbaycan ilahiyyatçı Fətullah Gülənin terror təşkilatı (Fethullahçı Terör Örgütü - FETÖ) ilə əlaqəli olan qurumların bağlanması istiqamətində ciddi addımlar atıb. Bu sözləri Türkiyənin Bakıdakı səfiri Erkan Özoral deyib.
"2015-ci ilədək Azərbaycanda 14 lisey və 1 universitet fəaliyyət göstərirdi. Lakin 2015-ci ildən Azərbaycan hökuməti terror təşkilatı ilə mübarizəyə başladı. Gülənin terror təşkilatı ilə əlaqəli qurumların bağlanılması istiqamətində ciddi addımlar atıldı", - deyə E.Özoral Türkiyənin “Anadolu” informasiya agentliyinə verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, Azərbaycan Gülən tərəfdarlarının öz strukturlarını yaratmağa başladığı ölkələrdən biridir və təşkilat ilk məktəbini məhz bu ölkədə açıb.
"Türkiyədə çevrilişə cəhddən sonra Azərbaycanda təşkilatın bir məktəbi belə qalmayıb. Azərbaycan və Türkiyə terror təşkilatı ilə mübarizədə sıx əməkdaşlıq edir və bir-birini dəstəkləyir. Azərbaycan FETÖ-nün Türkiyəyə təhdidini özünə təhdid olaraq qəbul edir və müvafiq tədbirlər görür", - deyə diplomat qeyd edib.
E.Özoral əlavə edib ki, Azərbaycan hakimiyyəti FETÖ-nün biznes strukturları ilə bağlı ciddi addımlar atıb, həmçinin terror təşkilatının o dövrdə Azərbaycanda olan üzvlərini Türkiyəyə ekstradisiya edib.
"Hazırda ölkədə FETÖ tərəfdarlarının olmadığını söyləmək olar. Bu, Azərbaycan hökumətinin terror təşkilatı ilə mübarizə əzminin sübutudur", – deyə səfir vurğulayıb.*
F.İsazadə