Azərbaycanda sığortaolunanın şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı yeni parametr üzrə indeksləşdiriləcək.
"İnterfaks-Azərbaycan" agentliyinin müxbirinin verdiyi xəbərə görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda qəbul edilmiş "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərdə nəzərdə tutulur.
Dəyişikliklərə əsasən, sığortaolunanın şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı inflyasiyanın illik səviyyəsinə uyğun olaraq ildə bir dəfə indeksləşdiriləcək.
Hazırda əmək pensiyasının sığorta hissəsi ilə yanaşı, pensiya kapitalı da orta aylıq nominal əmək haqqının artım səviyyəsinə uyğun olaraq ildə bir dəfə indeksləşdirilir.
Bundan əlavə, qanuna dəyişikliklər minimum əmək pensiyasının 1 oktyabr 2019-cu il tarixindən 25% - 200 manatadək artırılmasını nəzərdə tutur. Hazırda bu göstərici 160 manat təşkil edir.**
Ə.Məmmədov