2019-cu ilin birinci yarısında Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən 424 kriminal qrup zərərsizləşdirilib. Bunu daxili işlər naziri Vilayət Eyvazov deyib.
“Cari ilin birinci yarısında Azərbaycanda 424 kriminal qrup zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 65 nəfər cinayət məsuliyyətinə cəlb edilib”, - V.Eyvazov cümə günü nazirliyin kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda 12,411 min cinayət qeydə alınıb. “Bu cinayətlərin 88,5%-ni böyük ictimai təhlükə törətməyən və az ağır növləri, 11,5%-ni ağır və xüsusilə ağır cinayətlər təşkil edib”, - Eyvazov qeyd edib.
O məlumat verib ki, hesabat dövründə 2018-ci ilin analoji dövrü ilə müqayisədə qəsdən adam öldürməyə cəhd cinayətlərinin 12,2%, qəsdən sağlamlığa ağır zərər vurmaların 4,1%, mülkiyyət əleyhinə olan cinayətlərin 8,1%, xuliqanlıqların 25,1% azalıb.
“Keçmiş illərdən bağlı qalmış 163 cinayətin açılması təmin edilib”, - Eyvazov bildirib.**