Şəkidə 500 yaşı olan çinar ağacının budağının qırılması zamanı xəsarət alanların əksəriyyətinin vəziyyəti sabitdir. Azərbaycan mətbuatının məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyin sədri Fuad Nağıyev hadisə yerində jurnalistlərə məlumat verib.
“Xəsarət alan 19 nəfərdən 12-si Azərbaycan, 2-si – Rusiya, 5-i – Suriya vətəndaşıdır. Həmin şəxslərdən əksəriyyətinin vəziyyəti sabitdir. Hadisə zamanı həlak olan olmayıb”, - Nağıyev qeyd edib.
Onun sözlərinə görə, xəsarət alan 4 nəfər Bakıya göndərilib, onların vəziyyəti ağır kimi qiymətləndirilir. Öncə məlumat verilib ki, həmin şəxslərdən 3-ü Suriya, daha bir nəfər – Azərbaycan vətəndaşıdır.
Xəbər verildiyi kimi, bu gün saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 500 yaşı, 50 santimetr diametrində olan çinar ağacının budağı qırılaraq yerə düşüb. Nəticədə, 19 nəfər xəsarət alıb, onların arasında əcnəbi vətəndaşlar var.
Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicəsi dövlət başçısının xüsusi nəzarətindədir. **
Ə.Məmmədov