Şəki Xan Sarayı qarşısında 500 yaşı olan çinar ağacının budağının qırılması zamanı iki nəfər Rusiya vətəndaşı daxil olmaqla 19 nəfərin xəsarət aldığı tarixi məkana giriş ziyarətçilər üçün bir neçə gün bağlı olacaq. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
“Hadisənin baş verməsi səbəblərinin araşdırılması məqsədilə Sarayın ərazisinə giriş bir müddət bağlı olacaq”, - mətbuat xidmətindən qeyd olunub.
Eyni zamanda bildirilir ki, hadisə nəticəsində Saraya dəyən zərərin dəyəri minumumdur. “Lakin öncə Sarayın plitələrinə dəyən zərəri aradan qaldırmaq lazımdır”, - mətbuat xidmətindən vurğulanıb.
Xəbər verildiyi kimi, bazar günü saat 12 radələrində Şəki Xan Sarayı qarşısında 500 yaşı olan cinarın budağı qırılaraq orada olanların üzərinə düşüb. Budağın diametri – 50 sm təşkil edir. 7 nəfər əcnəbi, 2 rusiyalı olmaqla, 19 nəfər xəsarət alıb. 13 nəfərə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Bakı və Şəki xəstəxanalarında çinarın budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alan 6 nəfərin müalicəsi davam edir. Onlardan 3 nəfəri Suriya vətəndaşıdır. Onların həyatı üçün təhlükə yoxdur.
Azərbaycanın Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESKO-nun Dünya İrs Siyahısına salınıb. **
A.Əzizov