Şəki “Xan Sarayı” abidəsinin ərazisində 500 illik Xan çinarının budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub. Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.
“Mütəxəssislərin ilkin rəyinə əsasən, budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub. İlkin müayinələrə əsasən müəyyən edilib ki, qırılmış əsas budaq sağlam olub, qurumağa və hansısa fiziki təsirlərə məruz qalmayıb”, - deyə məlumatda bildirilir.
İyulun 12-dən başlayaraq saniyədə 8-12 metr olan küləklə müşaiyət olunan, xüsusilə iyulun 14-də səhər saatlarından başlayaraq 3 saat ərzində aylıq normanın 54% miqdarında aramsız yağış yağıb. Həmin budaqlarda virus və ya bakterioloji proseslərin gedib-getməməsinin müəyyən edilməsi üçün budaqlardan nümunələr götürülərək bioloji tədqiqatın keçirilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri cəlb olunmaqla məhkəmə-bioloji və məhkəmə-trasoloji ekspertizaları təyin edilib. Ekspertizaların keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunub”, - deyə məlumatda qeyd olunur.
Hazırda araşdırmalar davam etdirilir.*
F.İsazadə