2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $2 mlrd. 963 mln. 392,86 min təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 26% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $16 mlrd. 994 mln. 658,72 min (2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 27,5% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $9 mlrd. 979 mln. 25,79 min (artım 15,2%), idxalın həcmi $7 mlrd. 15 mln. 632,93 min (artım 50,5%) təşkil edib.
İxracın strukturunda 76,87% neftin, 2,62% neft məhsullarının, 10,5% təbii qazın, 0,52% elektrik enerjisinin, 3,19% meyvə-tərəvəz məhsullarının, 0,05% çayın, 0,08% bitki və heyvan mənşəli yağların, 0,119% qəndin, 0,16% spirtli və spirtsiz məhsulların, 0,46% kimya məhsullarının, 1,04% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,76% pambıq, 0,15% pambıq ipliyin, 0,3% qara metal və ondan hazırlanan məmulatların, 0,47% alüminium və ondan hazırlanan məmulatların, 2,72% digər məhsulların payına düşüb.
İdxal məhsullarının strukturunda 10,38% ərzaq məhsullarının, 0,73% tütün və tütün məhsullarının, 1,92% əczaçılıq məhsullarının, 0,867% gübrələrin, 2,59% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 1,87% odun və agac məhsullarının, 1,62% geyim və geyim aksessuarları, 6,55% qara metal və ondan hazırlanan məmulatların, 17,85% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 7,65% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,69% mebelin, 47,28% digər məhsulların payına düşüb.
Yanvar-iyun aylarında xarici ticarət əməliyyatlarında 6,491 min özəl və dövlət müəssisəsi və 14,686 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan dünyanın 177 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-iyun aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 28,12%-i), Türkiyə (12,36%), Çin (6,86%), Hindistan (6,28%), Almaniya (5,69%), İsrail (5,47%) və İspaniya (4,27%), əsas idxal əməliyyatlarını isə İsveçrə (14,38%), Rusiya (14,31%), Türkiyə (9,66%), Çin (8,45%), ABŞ (5,87%), Kanada (5,57%), Almaniya (4,73%) və İranla (4,14%) həyata keçirib.*