Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov əmindir ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunacağı təqdirdə erməni xalqı regionda həyata keçirilən layihələrdən faydalana bilər.
E.Məmmədyarov bu gün Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin növbəti üçtərəfli iclası çərçivəsində komitə sədrləri Səməd Seyidov, Volkan Bozkır və Sofio Katsaravanı qəbul edib.
“Görüşdə XİN başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin regionda sülhü və rifahı möhkəmləndirəcəyinə əminliyini qeyd edib və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrdən erməni xalqının da faydalana biləcəyini bildirib”, - deyə XİN-in mətbuat xidmətinin məlumatında qeyd olunur.
Katsarava və Bozkır regionda mövcud münaqişələrin beynəlxalq hüququn prinsipləri, ələlxüsus dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini vurğulayıblar.*
F.İsazadə