2019-cu ilin I yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 15 mln. 985,7 min ton neft nəql edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Cari ilin I yarısında BTC ilə 15 mln. 985,7 min ton neft nəql olunub ki, bu da hesabat dövrü ərzində Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunan neftin ümumi həcminin 81%-ni təşkil edir”, - deyə məlumatda bildirilir.
Bu dövrdə BTC ilə tranzit neftinin nəqli 2 mln. 316,3 min ton təşkil edib ki, bu da 2018-ci ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə 28,1% azdır.
2018-ci ildə BTC ilə 33 mln. 827,1 min ton neft nəql olunub.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat BTC boru kəməri ilə nəql olunur. Həmçinin 2010-cu ilin iyun ayından etibarən boru kəməri ilə Türkmənistan neftinin nəqlinə başlanılıb.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), Total (5%) və ONGC (2,36%) şirkətləridir.*
N.Abbasova