Saratov vilayətinin iş adamları avqustda Azərbaycana səfər edəcəklər. Bu barədə vilayətin Ticarət və Sənaye Palatasının mətbuat xidmətindən məlumat verilib.
“26-29 avqust tarixlərində Saratov vilayətinin İxraca Dəstək üzrə Regional Mərkəzi və Ticarət və Sənaye Palatasının iştirakı ilə işgüzar missiyanın Bakıya səfəri baş tutacaq. Regionun iş adamları ölkənin mühüm müəssisələrinə baş çəkəcək, Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin təmsilçiləri ilə görüşəcək və potensial tərəfdaşlarla danışıqlar aparacaqlar", - deyə məlumatda bildirilir.
İşgüzar missiyanın təşkili məsələsi regional Ticarət və Sənaye Palatasının prezidenti Aleksey Antonov, Saratov vilayəti Dumasının Aqrar məsələlər komitəsinin sədr müavini Oleq Alekseyevin Azərbaycan nümayəndələri ilə görüşündə müzakirə olunub.
"Tərəflər bildiriblər ki, biznes missiyalar işgüzar əlaqələrin qurulması və beynəlxalq bazarlara çıxış üçün əla fürsətdir. Görüşün sonunda Antonov azərbaycanlı nümayəndələri Saratovda keçiriləcək ikinci “Yalnız irəli” iqtisadi forumuna dəvət edərək əməkdaşlıq niyyətinin forumda bir daha təsdiqlənəcəyini söyləyib”, – deyə məlumatda qeyd olunur.
Azərbaycana işgüzar missiyaların təşkilinin təşəbbüskarı Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkindir.*
N.Abbasova