BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi üzrə tədbirləri dəstəkləyəcək. Bunu FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak deyib.
"Bu gün biz Qida Təhlükəsizliyi Agentliyi, Milli Referans Laboratoriyası, regional sınaq laboratoriyaları və Aqrar Xidmətlər Agentliyi ilə birlikdə heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi üzrə layihənin həyata keçirilməsinə başlayırıq. Layihənin məqsədi endemik və ekzotik transsərhəd heyvan xəstəliklərinin qarşısının alınması, diaqnostikası və erkən təsbiti üçün Azərbaycanın müvafiq qururmlarının potensialının artırılmasıdır”, - deyə o, layihənin təqdimatına həsr olunmuş tədbirdə bildirib.
M.Çakmakın sözlərinə görə, layihənin ümumi dəyəri $256 min təşkil edəcək. Milli Referans Laboratoriyası və 6 regional sınaq laboratoriyasının əməkdaşları, eləcə də bir sıra özəl və dövlət orqanlarında fəaliyyət göstərən baytarlar bu sahədə beynəlxalq və yerli ekspertlərin iştirakı ilə keçiriləcək xüsusi təlimlərə cəlb ediləcəklər.
"2020-ci ilədək nəzərdə tutulan layihə FAO tərəfindən maliyyələşdiriləcək. Onun həyata keçirilməsi ölkədə insan və heyvan sağlamlığı, qida təhlükəsizliyi və kənd təsərrüfatı məhsullarının rəqabətliliyinin artırılmasına töhfə verəcək", - deyə o vurğulayıb.*
Ə.Məmmədov