Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu gün şirkətin istiqrazlarının sahiblərinə 11-ci dəfə faizlər üzrə $1,25 mln. məbləğində ödəniş həyata keçirib. Bu barədə "SOCAR Capital" şirkətinin məlumatında deyilir.
“Hər istiqraz üçün $12,5 olmaqla, ümumilikdə $1,25 mln. məbləğində vəsait bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb və həmin vəsaitlər artıq bu gündən istiqraz sahiblərinin bank hesablarında olacaq", - deyə məlumatda bildirilir.
SOCAR istiqrazlarının sahiblərinə faizlər üzrə ümumilikdə $12,5 mln. olmaqla 10 dəfə ödəniş edilib. Qeyd olunan qiymətli kağızların sahiblərinin qazancı indiki ödəniş də nəzərə alınmaqla $13,75 mln. təşkil edəcək.
Qarşıdakı rüblərdə istiqraz sahiblərinə daha 9 dəfə faiz ödənişi ediləcək ki, bunun da müqabilində onlar əlavə $11,25 mln. qazanmış olacaqlar.
SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda $175 mln.-u ötüb və Bakı Fond Birjasında ən çox alınıb-satılan korporativ qiymətli kağızdır – 2019-cu ilin ilk yarısında 240, ümumilikdə isə 1,8 min əqd bağlanıb.
İstiqrazlar üzrə növbəti faiz ödənişi cari ilin 17 oktyabr tarixində baş tutacaq.
SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan istiqrazları 2016-cı ilin sentyabr ayında 100 mln. dollarlıq həcmdə buraxılıb.
SOCAR istiqrazları dollarda illik 5 faiz gəlir gətirir və faizləri hər 3 aydan bir ödənilir.*
N.Abbasova