Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) uşaq bağçalarında monitorinqlərə başlayıb. Bu barədə agentliyin sədri Qoşqar Təhməzli məlumat verib.
"Biz artıq uşaq bağçalarında monitorinqlərə başlamışıq. Məqsədimiz böyüməkdə olan nəslin xəstəliklərdən qorunmasıdır. Monitorinqlər 400 uşaq bağçasında aparılacaq, lakin onların sayı arta bilər", - deyə o, bu gün jurnalistlərə bildirib.
Sədrin sözlərinə görə, uşaq bağçalarında yoxlamalar seçmə üsulu ilə aparılacaq və bütün ölkə ərazisini əhatə edəcək.
Q.Təhməzli əlavə edib ki, monitorinqlərin 3 aydan sonra başa çatması planlaşdırılır. "Yoxlamalarımızın nəticələrinə dair əlavə məlumat veriləcək", - deyə o qeyd edib.*
Ə.Məmmədov