Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda ümumilikdə 50 mln. manat ($29,4 mln.) məbləğində istiqraz buraxmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
“QDTİB il ərzində milli valyutada 50 mln. manatlıq istiqraz buraxacaq. Palata iyulun 16-daQara Dəniz Ticarət və İnkişaf Bankının 10 mln. manatlıqistiqraz emissiyasını dövlət qeydiyyatına alıb”, - deyə məlumatda bildirilir.
İstiqrazlar 730 gün müddətində dövriyyədə olacaq. Onların illik gəlirliliyi 9,25% təşkil edəcək. Faiz ödənişləri 3 aydan bir həyata keçiriləcək.
Bu, beynəlxalq maliyyə institutu tərəfindən Azərbaycanda manatla ilk istiqraz buraxılışıdır.
“Belə addımlar kiçik və orta bizneslərin uzunmüddətli ucuz maliyyə resurslarına çıxış imkanını təmin edəcək” - deyə Palatanın açıqlamasında vurğulanır.
Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5%-dir. 2018-ci ilin sonuna bankın Azərbaycandakı layihələr üzrə cari portfeli 53,867 mln. avro həcmində qiymətləndirilir.*
Ə.Məmmədov