2019-cu ildə 60 rayon üzrə arıçılıq təsərrüfatlarına ümumilikdə 4 mln. 265,33 min manat məbləğində subsidiya veriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“Nazirlikdə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib. İclasda 60 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, arıçılıqla məşğul olan 19,807 min fiziki və hüquqi şəxsə 4 mln. 265,33 min manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edilib”, - deyə məlumatda bildirilir.
Cari ilin may ayında Kənd Təsərrüfatı Nazirliyi 4,507 min arıçı və arıçılıq təsərrüfatına 910,46 min manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edib.
Prezident İlham Əliyev cari ilin mart ayında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 5 il müddətinə (2018-2023-cü illər) subsidiyanın verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə ildə10 manat məbləğində subsidiya verilir.*
Ə.Məmmədov