Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində azərbaycanlı sərhədçi yaralanıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.
“18 iyul 2019-cu il tarixində saat 00:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub. Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov yaralanıb. Sərhədçi əsgərə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib və hazırda həyatı üçün təhlükə yoxdur”, – deyə məlumatda bildirilir.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi heyəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.*
F.İsazadə