2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 361 mln. 336,8 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,8% azdır. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 241 mln. 792,8 min manat (azalma 15,7% - İF) və ya bütün bazar üzrə sığorta haqlarının 66,9%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 109 mln. 976,2 min manat (azalma 30,8%), qeyri-həyat sığortası üzrə sığorta haqları 131 mln. 816.6 min manat (artım 3%) təşkil edib.
Yanvar-iyun aylarında icbari sığorta növləri üzrə sığorta haqları 119 mln. 544 min manat (artım 9,1%) təşkil edib.
Hesabat dövründə sığortaçılar həyatın yaşam sığortası (85,056 mln. manat), könüllü tibbi sığorta (65,582 mln. manat) və AVSMMİS (47,238 mln. manat) üzrə daha çox sığorta haqqı toplayıblar.
I yarımillikdə sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 119 mln. 102,4 min manat (azalma 0,2%) yönəldiblər.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 83 mln. 268,6 min manat (azalma 4,4%) və ya bazar üzrə bütün ödənişlərin 69,9%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 40 mln. 147,7 min manat (azalma 17,9 %), qeyri-həyat sığortası üzrə ödənişlər 43 mln. 120,9 min manat (artım 12,9%) məbləğində olub.
Yanvar-iyun aylarında icbari sığorta növləri üzrə ödənişlər 35 mln. 833,8 min manat (artım 11,3%) təşkil edib.
Hesabat dövründə sığortaçılar həyatın yaşam sığortası (39,599 mln. manat), könüllü tibbi sığorta (29,014 mln. manat) və AVSMMİS (29,996 mln. manat) üzrə daha çox ödəniş həyata keçiriblər.
2019-cu ilin iyul ayının əvvəlinə Azərbaycanda 22 şirkət sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaya malikdir.*
A.Əzizov