“Azəristiliktəchizat” ASC-nin 2019-cu ilin I yarısında aldığı təbii qaza görə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə (İB) olan borcu 26 mln. manatı ötüb. Bu barədə İB-dən məlumat verilib.
““Azəristiliktəchizat” ASC tərəfindən bu ilin 6 ayında 130 mln. 234 min 456 kubmetr həcmində, 26 mln. 46 min 891,20 manat ($15,3 mln. - İF) məbləğində təbii qaz istehlak olunub. Lakin bu günə qədər heç bir ödəniş olunmayıb”, - deyə məlumatda bildirilir.
Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz təminatı dayandırıla bilər. Buna baxmayaraq, “Azəriqaz” İstehsalat Birliyi əhalinin qış aylarında mənzillərin qızdırılmasına və isti suya olan tələbatını nəzərə alaraq “Azəristiliktəchizat” ASC-nin qaz təminatını dayandırmayıb.
““Azəristiliktəchizat” ASC istehlak etdiyi təbii qazın dəyərini bu günədək ödəmədiyini və yay fəslinin olmasını nəzərə alaraq, bəzi ərazilərdəki qazanxanaların qaz təminatı dayandırılıb”, - deyə məlumatda qeyd olunur.
“Azəristiliktəchizat” ASC 2004-cü ildə yaradılıb və istilik təchizatı sahəsində dövlət inhisarçısıdır.*
N.Abbasova