Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami nəqliyyat sahəsində birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
"Mehr News” agentliyinin məlumatına görə, görüş 25-ci Beynəlxalq Elektronika, Kompüter və Elektron Ticarət (“Elecomp–2019”) sərgisi çərçivəsində baş tutub.
M.Eslami qeyd edib ki, Tehranda Azərbaycan-İran Birgə Nəqliyyat Komitəsinin iclası keçiriləcək. “Bu tədbir nəqliyyat əlaqələrinin inkişafı yolunda maneələrin aradan qaldırılması üçün yaxşı imkandır”, - deyə iranlı nazir bildirib.
Bununla belə, o, iclasın keçiriləcəyi tarix barədə məlumat verməyib.
M.Eslami Astara-Astara dəmir yolu layihəsinin Şimal-Cənub dəhlizindəki rolu və iki ölkənin tranzit gəlirlərinin artması nöqteyi-nəzərindən əhəmiyyətini vurğulayıb.
Tərəflər İran və Azərbaycan Astarası arasında ikitərəfli avtomobil yolunun, birgə sərhəd körpüsünün və yeni yük terminalının (Azərbaycanın avtomobil yolu şəbəkəsini İranın "Rəşt-Astara" layihəsi ilə birləşdirmək üçün) tikintisi ilə bağlı məsələləri müzakirə ediblər.
Öz növbəsində, R.Quluzadə qeyd edib ki, Bakı İranla iqtisadi və ticarət əlaqələrini yaxşılaşdırmaq üçün əlindən gələni edəcək.*
F.İsazadə