2019-cu ilin I yarısında Azərbaycanda 1112 ədəd minik avtomobili istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2018-ci ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 8,5 dəfə artıb. Bu artım ötən ilin aprel ayında Azərbaycanda minik avtomobillərinin istehsalnın bərpa olunması ilə əlaqədardır”, - deyə məlumatda bildirilir.
Cari ilin yanvar ayında 89 ədəd, fevralda 87 ədəd, martda 107 ədəd, apreldə 153 ədəd, mayda 490 ədəd, iyunda 186 ədəd avtomobil istehsal olunub.
1 iyul 2019-cu il tarixinə anbarlarda 205 ədəd avtomobil var.
Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 747 ədəd müxtəlif təyinatlı traktor (azalma 11%) istehsal olunub. İyulun 1-nə anbarlarda 264 ədəd traktor var.
Hazırda Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Bu gün avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.
Orta müddətli perspektivdə Azərbaycanda ildə 5 min ədəd avtomobil istehsal edilməlidir.*
N.Abbasova