ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqları Ermənistan tərəfindən qəsdən yubadılır. Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Zakir Həsənov cümə günü Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Li Litzenberqeri qəbul edib. Diplomat ABŞ-ın Azərbaycana yeni təyin olunan hərbi attaşesi polkovnik Terri Həmriki müdafiə nazirinə təqdim edib.
Görüş zamanı nazir regiondakı hərbi-siyasi vəziyyətə toxunub. O, Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq “sülh danışıqlarının rəsmi İrəvan tərəfindən qəsdən yubadıldığını” vurğulayıb.
Nazir Azərbaycan ilə ABŞ arasında əlaqələrin NATO proqramları çərçivəsində və ikitərəfli əsasda qurulduğunu qeyd edərək hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb.
“Həsənov yeni təyin olunan hərbi attaşeni təbrik edərək iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində gələcək fəaliyyətində ona uğurlar arzulayıb”, - nazilrikdən qeyd olunub.
Litzenberqer öz növbəsində ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib “Diplomat ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib”, - məlumatda deyilir.
Həmçinin həmsöhbətlər regional və ikitərəfli əməkdaşlıq, Xəzər dənizi və mühüm enerji infrastrukturlarının təhlükəsizliyi, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə, hər iki ölkənin hərbi təhsil üzrə mütəxəssislərinin qarşılıqlı səfərləri, həmçinin maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər. **
F.İsazadə