Sumqayıt Kimya Sənaye Parkının (SKSP) yeni rezidenti “Galenka Azərbaycan” MMC baytarlıq preparatlarının istehsalına təxminən 20 mln. manat ($11,7 mln.) sərmayə yatıracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
""Galenka Azerbaijan" MMC SKSP-nin rezidentu statusunu alıb. Şirkət tərəfindən park ərazisində quşçuluq sahəsində istifadə olunan baytarlıq preparatları, yem qatqı məhsulları, vitaminlər, dezinfeksiya, dezinseksiya və deratizasiya vasitələri istehsal edəcək zavod inşa olunacaq”, - deyə məlumatda bildirilir.
Sənaye parkının rezidentlərinin sayı 19-a çatıb.
İstehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə bir sıra xarici ölkələrə də ixrac ediləcək.
“İstehsal prosesində ABŞ, Hindistan, Çin, Almaniya və Türkiyənin qabaqcıl texnologiyaları tətbiq olunacaq. Layihənin investisiya dəyəri 20 mln. manatdır ($11,7 mln.)", - deyə məlumatda qeyd olunur.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.*
Ə.Məmmədov