Prezident İlham Əliyev bu gün “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda kommersiya məhkəmələrinin yaradılmasını nəzərdə tutan dəyişiklikləri təsdiq edib.
Dövlət başçısının sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilir və Naxçıvan, Bakı, Gəncə, Şirvan və Şəkidə 6 inzibati və 6 kommersiya məhkəməsi yaradılır.
Məhkəmə-Hüquq Şurasına inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin hakimlərinin təyin edilməsi ilə bağlı təklifləri 2019-cu il dekabrın 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasını müəyyən etmək tövsiyə edilib.
Nazirlər Kabinetinə yeni məhkəmələrin təşkili ilə bağlı xərclərin 2020-ci il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etmək tapşırılıb.
Dəyişikliklər 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Kommersiya məhkəmələri birinci instansiya məhkəməsi olaraq sədr və hakimlərdən ibarət olacaq. Kommersiya məhkəməsində hakimlərin sayı 11-dən çox olarsa, sədr müavini vəzifəsi təsis ediləcək.*
Ə.Məmmədov