“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin yerli və xarici valyutada uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiq edib, proqnoz “sabit”dir. Bu barədə agentliyin məlumatında deyilir.
Yerli və xarici valyutada qısamüddətli defolt reytinqi “B”, yerli və xarici valyutada təmin edilməmiş böyük borcun emitent reytinqi «BB+», ölkə reytinqi və yerli valyutada təmin edilməmiş qısamüddətli böyük istiqrazlar üzrə emitent reytinqi «BB+» səviyyəsində təsdiq edilib.
“"BB+” reytinqləri Azərbaycanın xarici borcunun aşağı və xarici balansının güclü olduğunu, iqtisadiyyatın karbohidrogendən asılılığını, zəif inkişaf etmiş, lakin inkişaf etməkdə olan siyasəti, idarəetmə göstəricilərinin aşağı və bank sektorunun zəif olduğunu əks etdirir", - deyə məlumatda bildirilir.
Agentliyin analitikləri hesab edirlər ki, qaz hasilatının artması yaxın illərdə Azərbaycanın ümumi büdcəsinin dayanıqlı profisitini dəstəkləyəcək.
“Neftin orta qiymətinin daha yüksək olması 2018-ci ildə fiskal mövqeyin möhkəmlənməsini dəstəkləyib, hökumət ümumi büdcənin birləşdirilmiş profisitini “BB” reytinqi üçün orta göstərici olan 2,6% səviyyəsində kəsirə qarşı ÜDM-nin 5,6%-i səviyyəsində qeydə alıb. Biz gözləyirik ki, “Şahdəniz-2” yatağından qaz hasilatının artması 2019-cu ildə ümumi büdcənin ÜDM-nin 3,7%-i və 2020-ci ildə 3,5%-i səviyyəsində proqnozlaşdırılan dayanıqlı profisitini dəstəkləyəcək”, - deyə məlumatda qeyd olunur.
Eyni zamanda, “Fitch” Azərbaycanın dövlət büdcəsinin kəsirini ÜDM-nin 2,5%-i səviyyəsində proqnozlaşdırır.
“Fitch” qeyd edir ki, neftin qiymətinin daha yüksək olması və xüsusilə turizm sahəsində sağlam qeyri-neft ixracı 2018-ci ildə cari əməliyyatlar hesabının müsbət saldosunun “BB” reytinqi üzrə cari orta qiymət üçün 3,2% səviyyəsində kəsirlə müqayisədə ÜDM-nin 12,9%-dək artmasına səbəb olub.
"İqtisadiyyatın bərpası davam edir: artım son 5 ildə 0,3% səviyyəsində orta göstərici və “BB” reytinqi üzrə 3% səviyyəsində orta göstərici ilə müqayisədə 2018-ci ildə 1,4%-ə çatıb. Qeyri-neft sektoru 1,8%, karbohidrogen sektoru 0,7%, qaz hasilatı 5,6% artıb. Biz 2019-cu ildə iqtisadiyyatın 2,7%-dək artacağını gözləyirik. Lakin şaxələndirilmə məhdud olaraq qalır: ÜDM-nin 42%-i, ixracın 91%-i və vergi daxilolmalarının 63%-i neft sektorunun payına düşür", - deyə məlumatda vurğulanır.*
Ə.Məmmədov