Gənclər və idman naziri Azad Rəhimov Bakının bu gün rəsmi açılışı baş tutacaq XV Avropa Gənclər Yay Olimpiya Festivalına tam hazır olduğunu bildirir.
“Biz yarışlara tam hazırıq və ən güclülər qalib olacaq”, - deyə A.Rəhimov qeyd edib.
Nazir hesab edir ki, bu tədbir həm Azərbaycan, həm də Avropa üçün çox vacibdir və "idmançılarımız üçün böyük təcrübə və sınaq olacaq.
Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Yanes Koçyançiç isə qeyd edib ki, Azərbaycan festivalı yüksək səviyyədə təşkil edib.
“İnanıram ki, bu festival Bakıda da uğurla keçiriləcək. Bakı beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük təcrübəyə malikdir”, - deyə o vurğulayıb.
XV Avropa Gənclər Yay Olimpiya Festivalı 20-28 iyul tarixlərində Bakıda keçiriləcək. Festivalda Avropanın 50 ölkəsindən 3,6 mindən artıq gənc idmançının (14-18 yaş) və texniki heyətin iştirakı gözlənilir. 12 idman obyektində keçiriləcək yarışlarda atletlər idmanın 10 növü – bədii gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar. Tədbirə 2,5 mindən çox könüllü cəlb edilib.*
F.İsazadə