Bakı Fond Birjası (BFB) ticarət platformasında fyuçers törəmə maliyyə alətlərinin ticarətə buraxılması layihəsi üzrə işçi qrupu yaradıb. Bu barədə BFB-nin məlumatında deyilir.
Layihəyə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dəstək göstərilir.
“Fyuçers törəmə maliyyə alətlərinin fond birjası vasitəsilə ticarətə buraxılmasının əsas üstünlüyü xarici valyuta üzərindən əməliyyat aparan bazar iştirakçıları üçün valyuta risklərinin idarə olunması və minimallaşdırılması üçün hedcinq imkanları yaratmasıdır. Maliyyə bazarlarında valyuta risklərinin azaldılmasının əsas prioritetlərindən biri olduğunu nəzərə alaraq, fyuçers tipli alətlərin yüksək tələbatla qarşılanması gözlənilir”, - deyə məlumatda bildirilir.
Eyni zamanda, müxtəlif növ investorlar tərəfindən fyuçers tipli yeni alətlərə marağın göstərilməsi fond birjasında ticarət üzrə likvidliliyin artmasına və bazar qiymətlərinin daha effektiv müəyyən olunmasına imkan verəcək.*
Ə.Məmmədov