ABŞ prezidenti Donald Tramp Rusiyadan S-400 zenit-raket sistemi aldığına görə Ankaraya qarşı sanksiyalar tətbiq etmək istəmir. Bunu Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bazar ertəsi deyib.
“Tramp sanksiyalar tətbiq etmək istəmir”, - “Yeni Şafak” qəzeti onun sözlərindən sitat gətirir.
Öz növbəsində, Bloomberg agentliyi nazirə istinadən bildirir ki, onun rəyinə görə, nəticədə Tramp Ankaraya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməmək qərarı qəbul edə bilər.
Eyni zamanda, türkiyəli nazir xəbərdarlıq edib ki, ABŞ məhdudlaşdırıcı tədbirlər tətbiq edəcəyi halda, Ankara cavab tədbirləri qəbul etməyə hazır olacaq.
“Əgər ABŞ bizə qarşı düşməncəsinə davranarsa, biz cavab tədbirləri qəbul edəcəyik”, - Çavuşoğlu vurğulayıb.
O təsdiq edib ki, ABŞ F-35 qırıcılarını tədarük etməmək qərarına təkrar baxmasa, Türkiyə hökuməti alternativ variantlar axtaracaq.
“Əgər F-35 tədarük olunmazsa, Türkiyə öz təyyarələrini istehsal edəcəyi anı gözlərkən tələbatlarını digər mənbələrdən təmin edə bilər”, - XİN başçısı qeyd edib. **