Berlin Bakı ilə iqtisadiyyatın şaxələndirilməsi üzrə əməkdaşlıqda, o cümlədən qeyri-neft sektorunda əlaqələrin inkişafında maraqlıdır. Bunu Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq deyib.
V.Maniq bu gün etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
“Səfir V.Maniq Azərbaycanın Almaniya üçün Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaş olduğunu vurğulayaraq, ölkəsinin Azərbaycanın enerji, sənaye və qeyri-neft sahələrinin inkişafında, iqtisadiyyatın şaxələndirilməsi üzrə əməkdaşlıqda maraqlı olduğunu bildirib”, - deyə dövlət başçısının saytında dərc olunmuş məlumatda qeyd olunur.
Prezident İ.Əliyev Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. O, münasibətlərimizin inkişafında yüksək səviyyəli səfərlərin önəminə toxunaraq ötən il Federal Kansler xanım Angela Merkelin Azərbaycana səfərinin əlaqələrimizin daha da genişlənməsinə əsaslı təkan verdiyini bildirib.
“Almaniya şirkətlərinin uzun illərdir Azərbaycanda sənaye, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə uğurlu fəaliyyət göstərdiyini bildirən prezident bu şirkətlərin qeyri-enerji sektorunda, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində də fəal iştirak etdiklərini vurğulayıb”, - deyə məlumatda vurğulanır.
Dövlət başçısı qeyri-enerji sektorunun inkişafının Azərbaycanda prioritet sahə olduğunu bildirərək bu istiqamətdə son illər böyük uğurlar qazanıldığını deyib.*
F.İsazadə