Avstriyada “SOCAR” brendi ilə ilk yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib. Bu barədə “SOCAR Energy Holdings Ltd.”nin məlumatında deyilir.
““SOCAR” brendi ilə ilk yanacaqdoldurma məntəqəsi ötən cümə günü Graz-Eggenbergdə açılıb. Burada mövcud olan YDM tamamilə yenidən qurulub və indi sürücülər SOCAR-dan keyfiyyətli yanacaq əldə edə bilərlər”, - deyə məlumatda bildirilir.
“SOCAR” brendi ilə növbəti YDM də iyulun sonunda Qraz şəhərində istifadəyə veriləcək.
““A1” şirkətinin SOCAR-ın sərəncamına keçən 82 yanacaqdoldurma məntəqəsinin rebrendinqi bir neçə il ərzində tədricən həyata keçiriləcək”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, 2017-ci ildə “SOCAR Energy Holdings” Avstriyanın “A1” şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini və neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən “Pronto Oil” firmasını alıb. “SOCAR” brendi yaxın bir neçə ildə tədricən “A1” loqotipini əvəz edəcək.
“A1” şirkətinin ölkə üzrə 82 YDM-i fəaliyyət göstərir. Ticarət sahəsində fəaliyyət göstərən “Pronto Oil Mineralölhandels GmbH” şirkəti Graz şəhərində yerləşir.
“A1” şəbəkəsi və “Pronto Oil Mineralölhandels GmbH” şirkətinin idarəedilməsi məqsədilə “SOCAR Energy Austria” MMC təsis olunub.*
N.Abbasova