“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi (İB) ilə Finlandiyanın “Sampo” şirkəti kombaynlara texniki xidmətin göstərilməsi və texnikaların ehtiyat hissələrinin hazırlanması sahəsində əməkdaşlığa dair razılığa gəliblər. Bu barədə zavodun məlumatında deyilir.
“Gəncə Avtomobil Zavodu” və “Sampo” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən istehsalat birliyi ilə şirkət gələcəkdə ölkəmizdə kombaynlara texniki xidmətin göstərilməsi, texnikaların ehtiyat hissələrinin hazırlanması və təminatı, həmçinin digər məsələlərdə əməkdaşlıq edəcəklər”, - məlumatda deyilir.
Sənədi zavodun direktor müavini Elşən Məmmədov və şirkətin region üzrə satış və marketinq direktoru Sami Seppala imzalayıblar.
“Birgə fəaliyyətlə bağlı təklif “Sampo” şirkətindən gəlib”, - məlumatda qeyd olunur.
Gəncə avtomobil zavodu 2004-cü ilin dekabr ayından fəaliyyət göstərir. Zavod 2006-cı ildən Gəncədə Belarus istehsalı olan bütün növ yük avtomobilləri və traktorların yığılmasını həyata keçirir. **
N.Abbasova