Dünya Bankı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq sahəsində birgə layihənin mümkün reallaşdırılması məqsədilə müzakirələrə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan”a bankın Bakıdakı nümayəndəliyindən məlumat verilir.
“Hazırda bankın missiyası Bakıdadır və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə mümkün layihənin parametlərinin identifikasiyası məqsədilə müzakirələr aparır. Bu layihə üçün kreditin məbləği barədə söz açmaq hələlik tezdir, çünki məqsədi, həmçinin görüləcək işlərin dairəsini müəyyən etmək lazımdır”, - bankdan qeyd ediblər.
Öz növbəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən vurğulanıb ki, nazir Sahil Babayev bankın missiyası ilə görüş keçirib və ölkədə özünüməşğulluq proqramının genişləndirilməsi məqsədilə “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsinin reallaşdırılmasında maraqlı olduğunu ifadə edib.
Xəbər verildiyi kimi, 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq tədbirlərinin təşkilinə 56 mln. 41,4 min manat yönəltməyi planlaşdırır.
2018-ci ildə proqram 6 min ailəni əhatə edib, 2019-cu ildə 8-10 min ailəni, 2020-ci ildə - 15 minədək ailəni əhatə edəcək.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 54 layihənin həyata keçirilməsi üçün Azərbaycana $3,4 mlrd. kredit ayırıb.**
A.Əzizov