Aviasiya qəzasına uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi Xəzər dənizində Azərbaycanın ərazi sularına düşüb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı məlumat verib.
“Qırıcı təyyarə Xəzər dənizi üzərində təlim-məşq uçuşları zamanı Azərbaycanın ərazi sularında qəzaya uğrayıb”, - Dərgahlı “İnterfaks-Azərbaycan”a bildirib.
O qeyd edib ki, müdafiə naziri genaral-polkovnik Zakir Həsənovun tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.
“Eyni zamanda, pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir”, - Dərgahlı vurğulayıb.
İyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. **
F.İsazadə