Hərbi Prokurorluq tərəfindən Xəzər dənizi üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcı təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi başlanılıb.
“Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən bu insidentlə əlaqədar cinayət işi başlanıb. Hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir”, - “İnterfaks-Azərbaycan”a Hərbi Prokurorluğundan məlumat verilir.
Qeyd olunub ki, hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək.
“Hərbi Prokurorluğun rəhbərliyi istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib”, - Prokurorluqdan qeyd ediblər.
Xəbər verildiyi kimi, İyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarənin Xəzər dənizində Azərbaycanın ərazi sularında düşməsi ehtimal olunur. Hazırda pilotun axtarışı həyata keçirilir. Müdafiə Nazirliyi qəzanın səbəblərinin araşdırılması məqsədilə komissiya yaradıb. **
F.İsazadə