Müdafiə Nazirliyi Xəzər dənizinə düşən MiQ-29 qırıcı təyyarənin axtarışına Hərbi-Dəniz Qüvvələrinin gəmiləri və Hərbi-Hava Qüvvələrinin helikopterlərini cəlb edib. Bu barədə nazirliyin mətbuat katibi Vaqif Dərgahlı cümə axşamı məlumat verib.
“Hərbi-Dəniz Qüvvələrinin gəmiləri və Hərbi-Hava Qüvvələrinin helikopterləri axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub”, - Dərgahlı “İnterfaks-Azərbaycan”a bildirib.
Xəbər verildiyi kimi, İyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizi üzərində Azərbaycanın ərazi sularında düşüb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, qəzanın səbəblərinin araşdırılması məqsədilə komissiya yaradılıb.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanılıb. Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi istintaq hərəkətləri icra edir. **
F.İsazadə