Xəzər dənizi üzərində qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsini ölkənin ən təcrübəli pilotlarından olan polkovnik-leytenant (podpolkovnik) Rəşad Atakişiyev idarə edirdi. Bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı məlumat verib.
“Qırıcı təyyarənin sükanı arxasında ən təcrübəli pilotlardan polkovnik-leytenant Rəşad Atakişiyev olub. O, 20 ildən artıqdır xidmət edir (HHQ-də - İF) və peşəkar pilotlardan biridir”, - Dərgahlı “İnterfaks-Azərbaycan”a bildirib.
Bundan başqa, yerli mətbuatda qeyd olunur ki, Atakişiyev sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin kürəkənidir. Q.Hüseynli bu məlumatı təsdiq edib.
Xəbər verildiyi kimi, İyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizi üzərində Azərbaycanın ərazi sularında düşüb.
Pilotun taleyi barədə məlumat yoxdur.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, qəzanın səbəblərinin araşdırılması məqsədilə komissiya yaradılıb.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanılıb. Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi istintaq hərəkətləri icra edir. **
F.İsazadə