Müdafiə naziri general-polkovnik Zakir Həsənov MiQ-29 qırıcı təyyarənin Xəzər dənizi üzərində qəzaya uğraması ilə əlaqədar xidməti müşavirə keçirib.
“Müdafiə naziri hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında olub”, - nazirliyin mətbuat xidməti məlumat verir.
Nazirin rəhbərliyi ilə xidməti müşavirə keçirilib. “Həsənov digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş verib”, - nazirlikdən vurğulanıb.
Xəbər verildiyi kimi, İyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizi üzərində Azərbaycanın ərazi sularında düşüb.
Hazırda təyyarə və pilotun axtarışı həyata keçirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, qəzanın səbəblərinin araşdırılması məqsədilə komissiya yaradılıb.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanılıb. Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi istintaq hərəkətləri icra edir. **
F.İsazadə