Sahibkarlığın İnkişafı Fondu(SİF) 2019-cu ilin əvvəlindən 55 mln. manat ümumi məbləğdə güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“Ümumilikdə, dəyəri 197,6 mln. manat olan layihələrin reallaşdırılması üçün 592 sahibklara 55 mln. manat məbləğində güzəştli kredit ayrılıb. Bu layihələrin reallaşdırılması 2,2 mindən artıq yeni iş yeri açmağa imkan yaradacaq”, - məlumatda qeyd olunur.
Bu gün SİF tərəfindən Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 24 sahibkarlara 831 min. manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq, əkinçilik çörək istehsalı, taxıl tədarükü və un istehsalı sahələrinə yönəldiləcək.
İndiyədək Gəncə-Qazax iqtisadi rayonunda faəliyyət göstərən sahibkarlıq subyektlərinin 7 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 276,9 mln. manat ümumi məıbləğdə güzəştli kredit verilib.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.
2018-ci ildə fondun xətti ilə sahibkarlara 160,2 mln. manat güzəştli kredit verilib. 2019-cu ildə bu məbləğ ən azı 160 mln. manat təşkil edəcək.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.**
N.Abbasova