Azərbaycan prezidenti İlham Əliyev cümə günü ölkədə perspektiv rəhbər şəxslərdən kadr ehtiyatı bankının yaradılması məqsədilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının saytında dərc olunan sərəncama əsasən, Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva təyin olunub.
Təşkilat Komitəsinə vergilər naziri, gənclər və idman naziri, təhsil naziri, əmək və əhalinin sosial müdafiəsi naziri daxildir.
Ümumilikdə, Təşkilat Komitəsi 9 nəfərdən ibarətdir.
Təşkilat Komitəsinə müsabiqənin keçirilməsi qaydalarını təsdiq etmək tapşırlıb.
Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün səlahiyyətli orqan qismində Gənclər və İdman Nazirliyi müəyyən edilib. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün nazirliyə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 mln. manat (cari məzənnə ilə $588,2 min) ayrılacaq. **
A.Əzizov