Xəzər dənizi üzərində qəzaya uğrayan MiQ-29 hərbi təyyarənin axtarışı havadan və dəniz səthində davam edir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan MiQ-29 təyyarəsinin axtarışları aparılır.
“Əməliyyat-axtarış tədbirlərinə helikopter, gəmi və qayıqlar cəlb olunub”, - nazirlikdən bildirilir.
Eyni zamanda axtarışlarda müasir avadanlıqlarla təchiz edilmiş hərbi texnikalardan, mobil komanda idarəetmə mərkəzindən istifadə edilir.
“Təyyarənin qəzaya uğradığı ehtimal olunan ərazi istiqamətində, Xəzər dənizinin sahilində əməliyyat qərargahı yaradılıb”, - məlumada vurğulanır.
Xəbər verildiyi kimi, iyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizi üzərində Azərbaycanın ərazi sularında düşüb.
Xəzər dənizi üzərində qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsini ölkənin ən təcrübəli pilotlarından olan polkovnik-leytenant (podpolkovnik) Rəşad Atakişiyev idarə edirdi. Pilotun taleyi barədə məlumat yoxdur.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, qəzanın səbəblərinin araşdırılması məqsədilə komissiya yaradılıb.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanılıb. Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi istintaq hərəkətləri icra edir.
Müdafiə Nazirliyi MiQ-29 təyyarəsinin qəzaya uğramasının səbəbləri aydınlaşdırılana qədər Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin bütün uçuşlarını dayandırıb.**
N.Abbasova