Şənbə günü Bakıda “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının rəsmi bağlanış mərasimi keçirilir.
Mərasimdə Azərbaycan Respublikası baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Avropa Olimpiya Komitələrinin (AOK) vitse-prezidenti Nils Nayqaard, növbəti festivala ev sahibliyi edəcək Slovakiyanın Banska Bıstritsa bölgəsinin meri Yan Nosko iştirak edirlər.
20-28 iyul tarixlərində keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında paytaxtın 12 idman obyektində 48 ölkədən 3,9 min 14-18 yaş arası gənc idmançılar idmanın 10 növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə apardı. Festivala 3,5 mindən çox könüllü cəlb olunub.
Azərbaycan yığması ümumi komanda hesabında 4-cü yerə çıxdı. Azərbaycan idmançıların akivində 10-u qızıl, 7-si gümüş və 6-sı bürünc olmaqla, 23 medal var.Azərbaycan festivalda 122 idmançı ilə təmsil olunub.
Siyahıya aktivində 66 (28 qızıl, 17 gümüş və 21 bürünc) medal olan Rusiya komandası başçılıq edir. Böyük Britaniya idmançıları 25 medalla (11 qızıl, 12 gümüş, 2 bürünc) ikinci, Türkiyə komandası isə 27 medalla (11 qızıl, 6 gümüş və 10 bürünc) üçüncü sırada qərarlaşıblar. **
N.Abbasova