Ölkənin iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC hazırda xarici maliyyələşdirmə cəlb etməyi planlaşdırmır, həmçinin bu cür kredit resurslarının baha olması ilə əlaqədar. Bunu Azərbaycan Beynəlxalq Bankının baş direktoru Fuad İslamov deyib.
“Hələlik xarici maliyyə institutlarından vəsaitlərin cəlbinə ehtiyac görmürük. Bir tərəfdən, LİBOR (banklararası satış faiz nisbəti) dərəcəsi indi xeyli yüksək olduğundan bu vəsaitlər baha başa gəlir. Digər tərəfdən isə, ölkəmizdəki mövcud imkanlar, bankın dayanıqlığı, likvidlik mövqeyi bizə daxili resurslar hesabına lazımi qədər vəsait cəlb etmək imkanı verir”, - İslamov bankın mətbuat xidmətinə müsahibəsində bildirib.
Eyni zamanda, o qeyd edib ki, ABB beynəlxalq nüfuzunu dəstəkləməyə çalışır. “Beynəlxalq nüfuzumuzu, bizə olan inamı daim qorumaq haqqında düşünməliyik. Xarici əlaqələrimizi daim inkişaf etdirməyə, beynəlxalq reytinqlərimizi yüksəltməyə çalışırıq. Reytinqlər bizim xarici tərəfdaşlarımız üçün açıqlığımızı, şəffaflığımızı da göstərir. Bütün bunlar xaricdəki müxbir şəbəkəmizin inkişaf etdirilməsi, ticarətin maliyyələşdirilməsi, xəzinədarlıq əməliyyatlarının aparılması baxımından da faydalıdır”, - o vurğulayıb.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda 95,27% pay dövlətə məxsusdur.**
A.Əzizov