"Azərbaycan Dəmur Yolları" (ADY) QSC ilə Fransanın “Alstom” şirkəti arasında Azərbaycanın lokomotiv parkına texniki dəstəyin göstərilməsinə dair saziş imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
Saziş bu gün Bakıda ADY-nin sədri Cavid Qurbanov və “Alstom” şirkətinin Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan üzrə icraçı direktoru Elşən Zeynalov tərəfindən imzalanıb.
Maliyyə naziri Samir Şərifov imzalama mərasimində bildirib ki, saziş “Alstom” şirkətindən alınmış lokomotivlərə texniki dəstəyin göstərilməsini nəzərdə tutur.
“Alstom Transportation S.A.” şirkəti ilə 12 may 2014-cü il tarixində bağlanmış müqaviləyə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC “Alstom” şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanlı lokomotiv alacaq. Bu lokomotivlərin 40-ı Bakı-Tbilisi-Qars marşrutu ilə yük, 10-u isə sərnişin daşımalarında istismar olunacaq.
40 yük lokomotivindən birincisi (Prima T8 (AZ8A)) 2018-ci ilin dekabr ayında “Azərbaycan Dəmir Yolları” QSC-yə çatdırılıb. Səkkiz oxu olan Prima T8 dünyada ən güclü elektrik lokomotivlərindən biridir. Bu model quraşdırılmış 8,8 meqavatt davamlı güc ilə 9000 tona qədər yükü yedəyə almağa və saatda 120 km sürətlə hərəkət etməyə qadir olan iki hissəli yük lokomotividir. AZ8A -25°C - 50°C temperaturlarda fəaliyyət göstərmək üçün layihələndirilib. O, minimal texniki xidmət tələb edir və modulyar dizaynı sayəsində yüksək səviyyədə etibarlılıq, eləcə də aşağı istismar müddəti xərcləri ilə əlaqədar tələbləri təmin edir.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabr ayının 30-da istismara verilib. Hazırda bu marşrutla yük daşımaları həyata keçirilir. İlkin mərhələdə yük daşımaları illik 5 mln. ton həcmində nəzərdə tutulur, gələcəkdə isə bu göstəricinin illik 15-17 mln. tonadək artacağı gözlənilir.*
B.Rüstəmbəyov