Fransa Azərbaycanla siyasi və iqtisadi sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lö Mer deyib.
Prezident İlham Əliyev bu gün Brüno Lö Merin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısının saytında verilən məlumata görə, İ.Əliyev Fransanın iqtisadiyyat və maliyyə nazirinin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib və bu səfərin əlaqələrimizin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Prezident fransız şirkətlərinin Azərbaycandakı səmərəli fəaliyyətini qeyd edərək, onların sayının artmasından məmnunluğunu ifadə edib. “Görüşdə neft, qaz, nəqliyyat, infrastruktur, ekologiya və digər sahələrdə əməkdaşlıq və görüləcək işlər müzakirə edilib”, - deyə məlumatda qeyd olunur.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar fikir mübadiləsi aparılıb. “Əliyev bu məsələ ilə bağlı rəsmi Bakının mövqeyini qonağın diqqətinə çatdırıb”, - deyə məlumatda vurğulanır.*
F.İsazadə