Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması təxribatların başvermə ehtimalını artırır. Bu kimi halların qarşısının alınmasının yeganə yolu Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının təmin edilməsidir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.
“Bu gün regionda yaşanan gərginliyin, ümumiyyətlə Ermənistan və Azərbaycan arasında “cəbhə bölgəsi”nin mövcud olmasının yeganə səbəbkarı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini, yəni Dağlıq Qarabağ və ətraf yeddi rayonu hərbi işğal edən Ermənistandır. Bu məsələdə müxtəlif bəhanələrlə digər günahkarı axtarmaq özü-özünü aldatmaqdan başqa bir şey deyildir”, - deyə o, Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyanın bəyanatını şərh edərkən bildirib.
L.Abdullayeva vurğulayıb ki, nə qədər ki, Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış torpaqlarında mövcudluğunu saxlayır, əfsuslar olsun ki, bu kimi insidentlərin başvermə ehtimalı yüksəkdir. Bu kimi halların qarşısının alınmasının yeganə yolu Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının təmin edilməsidir.
O xatırladıb ki, Ermənistan XİN-i bir müddət öncə “bir əl ilə danışıqlar aparıb, digər əl ilə atəş açmağın” düzgün olmadığını iddia etdiyi halda, bu bəyanatdan sonra Azərbaycanın Qazax rayonu istiqamətində sərhəd məntəqəsinin mövqelərini atəşə tutaraq, Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgərini yaralamışdı. “Görünür bir əli ilə Azərbaycan ərazilərini hərbi işğal altında saxlayan Ermənistan digər əli ilə danışıqlar aparmamaq üçün də bəhanələr axtarışındadır. Xatırlatmaq istərdim ki, Vaşinqton görüşündən sonra xarici işlər naziri Elmar Məmmədyarov münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi çərçivəsində bundan öncə də əsas sənədlərin müzakirə olunduğu zaman cəbhə bölgəsində heç də tam sakitliyin hökm sürmədiyini, lakin buna rəğmən danışıqların davam etdirildiyini bəyan etmişdi”, - deyə mətbuat katibi qeyd edib.
O, həmçinin deyib ki, yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması və bu ərazilərdən didərgin salınmış azərbaycanlıların öz evlərinə geri qayıtması bölgədə gərginliyin aradan qaldırılmasını, dayanıqlı sülh və əmin-amanlığı, rifahın bərpa olunmasını təmin edəcək. “Azərbaycan tərəfi torpaqlarının işğal olunması faktı ilə heç zaman barışmayacaq və bunu Ermənistan tərəfinin çoxdan anlaması gərəkdi”, - deyə L.Abdullayeva bildirib.*
N.Abbasova