İranın Azərbaycandakı səfirliyi azərbaycanlı xilasediciləri, Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidmətinin İranın Xəzər dənizində Lənkəran limanı yaxınlığında qəzaya uğramış "Şəbahəng" yük gəmisinin heyətinin xilas olunması üzrə səylərini yüksək qiymətləndirir.
"Bu humanitar addım İran ilə Azərbaycan arasında əməkdaşlıq, dostluq və qardaşlıq simvolu sayılır. Həmçinin Xəzər dənizində fövqəladə və zəruri hallar zamanı əməkdaşlığın daha da genişlənməsinin zəruri olduğunu göstərir. İranın səfirliyi bir daha belə bir həssas əməliyyatda iştirak etmiş və insan itkisinin qarşısının alınmasında əməyi olmuş hər bir kəsə öz səmimi minnətdarlığını bildirir, iki qonşu və qardaş ölkə arasında səmimi əlaqələrin genişlənməsini arzulayır", - səfirliyin bəyanatında bildirilib.
Xəbər verildiyi kimi, iyulun 25-də saat 14:10-da İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub. Gərargah tərəfindən FHN-in 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib.
Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlanıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.
Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də İrana məxusu gəmi batıb. **
B.Rüstəmbəyov