Asiya İnkişaf Bankı (AİB) 2020-2022-ci illərdə Azərbaycana $295 mln. məbləğində kredit ayırmağı nəzərdə tutur.
“Bankın Direktorlar Şurası Azərbaycan üçün 3 illik biznes planı təsdiq edib. Bu biznes plan çərçivəsində respublikaya $295 mln. məbləğində kredit verilməsi planlaşdırılır”, - deyə bankdan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Biznes plana əsasən, AİB bu dövrdə Azərbaycana 3 kredit ayırmağa hazırdır.
Bank 2021-ci ildə ölkə üçün nəzərdə tutulmuş $265 mln., 2022-ci ildə isə $30 mln. məbləğində krediti ehtiyatda saxlayıb.
Xüsusilə 3 illik dövr ərzində AİB Azərbaycanda makroiqtisadi sabitliyin təmin olunması, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, infrastrukturun yaxşılaşdırılması, kiçik və orta biznesə dəstək sahələrində layihələri maliyyələşdirməyə hazırdır.
Bundan başqa, Asiya İnkişaf Bankı 2020-2022-ci illərdə Azərbaycana $5,8 mln. məbləğində texniki yardım göstərəcək.
Eyni zamanda, AİB bir sıra layihələrin hazır olacağı halda 2022-ci ildə respublikaya energetika, təhsil, infrastrukturun yaxşılaşdırılması və dövlət idarəçiliyinin səmərəliliyinin artırılması sahələrində 4 layihəyə $450 mln. məbləğində kredit ayıra bilər.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya $4 mlrd.-dan çox kredit ayırıb.*
N.Abbasova