Müdafiə Nazirliyi Xəzər dənizi üzərində qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin axtarışlarına türk mütəxəssisləri cəlb edir. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilir.
“Təlim-məşq uçuşları zamanı qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin axtarışı üzrə keçirilən əməliyyatlara müasir sualtı robotlar və digər avadanlıqlar, o cümlədən xarici mütəxəssislər və peşəkar dalğıclar cəlb olunub”, - məlumatda deyilir.
“Əməliyyatlara əlavə qüvvələrin qatılması məqsədilə Türkiyənin aidiyyəti qurumlarına müraciət olunub və yaxın zamanda onların mütəxəssislərinin Azərbaycana gəlməsi gözlənilir”, - məlumatda qeyd olunur.
Eyni zamanda həyata keçirilən əməliyyatın əhatə sahəsi genişləndirilərək ölkəmizin aidiyyəti qurumlarının xeyli sayda gəmi, kater və aviasiya vasitələri də axtarışlarda daim iştirak edirlər.
“Qəza baş verən andan bu günədək davam edən küləkli əlverişsiz hava şəraitinə baxmayaraq müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiyanın rəhbərliyi altında axtarış əməliyyatları hazırda da intensiv aparılır”, - məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, iyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizi üzərində Azərbaycanın ərazi sularında düşüb.
Xəzər dənizi üzərində qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsini ölkənin ən təcrübəli pilotlarından olan polkovnik-leytenant (podpolkovnik) Rəşad Atakişiyev idarə edirdi. Pilotun taleyi barədə məlumat yoxdur.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, qəzanın səbəblərinin araşdırılması məqsədilə komissiya yaradılıb.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanılıb. Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi istintaq hərəkətləri icra edir.
Müdafiə Nazirliyi MiQ-29 təyyarəsinin qəzaya uğramasının səbəbləri aydınlaşdırılana qədər Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin bütün uçuşlarını dayandırıb.**
F.İsazadə