30 iyun 2019-cu il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 29 mlrd. 980,1 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2019-cu il tarixinə bankların aktivləri 29 mlrd. 502,4 mln. manat məbləğində olub. Beləliklə, yanvar-iyun aylarında bankların aktivləri 1,6% artıb.
Hesabat dövrünün sonuna bankların kredit portfeli 13 mlrd. 146 mln. manat (artım 4,1% - İF) təşkil edir.
2019-cu il iyun ayının 30-na Azərbaycanda bankların ümumi kapitallaşması 4 mlrd. 599,6 mln. manat (artım 12,9%) təşkil edir.
İyulun əvvəlinə bankların öhdəlikləri 25 mlrd. 380,5 mln. manata (azalma 0,2%), Mərkəzi Bank qarşısında öhdəlikləri 207,7 mln. manata (azalma 46,1%) bərabərdir.
Cari ilin I yarısında Azərbaycanda bankların ümumi xalis mənfəəti 433,4 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11,9 dəfə çoxdur.
2019-cu ilin yanvar-iyun aylarında bankların faiz gəlirləri 962,1 mln. manat (2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 14,1% - İF), o cümlədən verilmiş kreditlər üzrə 692,1 mln. manat (artım 18,4%) təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 364,5 mln. manat (artım 46,1%) məbləğində olub.
Yanvar-iyun aylarında bankların faiz xərcləri 281,2 mln. manat (azalma 6%), o cümlədən depozitlər üzrə 187,8 mln. manat (azalma 1,1%), qeyri-faiz xərcləri 559,7 mln. manat (artım 15,4%) təşkil edib.
I yarımilliyin yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 414,7 mln. manat (artım 34,4%) məbləğində olub. Hesabat dövründə banklar ehtiyatların yaradılmasına 31,8 mln. manat (2018-ci ilin yanvar-iyun aylarında 258,4 mln. manat) yönəldib.
Nəticədə 30 iyun 2019-cu il tarixinə bankların vergi ödənilənədək ümumi mənfəəti 467,8 mln. manat (2018-ci ilin 6 ayı ilə müqayisədə artım 9,1 dəfə) məbləğində qiymətləndirilir. Cari ilin yanvar-iyun aylarında mənfəət vergisi üzrə ödənişlər 34,4 mln. manat (artım 2,3 dəfə) təşkil edib.
30 iyun 2019-cu il tarixinə respublikada 30 bank fəaliyyət göstərir. Bu bankların 14-ü xarici kapitallıdır.
İyun ayının sonuna bankların 553 filialı və 129 şöbəsi var.
Azərbaycanın bank sektorunda 18,288 min nəfər (2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 5%) çalışır.*
N.Abbasova